<

Giriş

İnsan dünya həyatında nəfsindəki pisliklərə qalib gəlib ömrünü Allahın razı olacağı şəkildə keçirməklə məsuldur. Bunun üçünsə ona təxminən 60-70 il kimi çox az bir müddət verilmişdir. Allah, razılığını qazanan qulları üçün dünyadakı bu qısa həyatdan sonra sonsuz və bənzərsiz bir həyat yaratmışdır. Dünya həyatındakı bu ömür göz açıb bağlayana qədər sürətlə tükənib keçir. Bu müddət ərzində səbirli, daim gözəl əxlaqlı və Allahın səmimi bir qulu olan kəslər axirətdə çox böyük bir mükafatla, yəni sonsuz cənnət həyatıyla qarşılaşacaqlar. Şübhəsiz ki, bu Rəbbimizin qullarına olan lütfkarlığının, rəhmətinin və sevgisinin çox əhəmiyyətli bir təcəllisidir.


Allah hər insanı, hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq və bunları çox arzulayacaq bir ruh ilə yaratmışdır. Bu səbəblə də insan həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə nail olmağı daima çox istəyər. Daimi bir gözəllik və nemət axtarar. Ancaq bunu nə qədər çox istəyirsə istəsin və bunun üçün nə qədər çox səy göstərirsə göstərsin, dünya həyatında heç vaxt axtardığı mükəmməlliklə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və əskik şəkildə yaratmışdır.


Əlbəttə ki, Allahın belə yaratmasında bir çox hikmət vardır. Çünki, "O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, 'şəkil və surət' verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onu təsbeh edir. O, Əzizdir, Hakimdir" (Həşr surəsi, 24) ayəsiylə bildirildiyi kimi, Allah qüsursuz yaradır. Rəbbimiz hər şeyə qadirdir, istədiyini yaratmağa qadirdir. Bu səbəbdən də dünya həyatındakı bu çatışmazlıqların bir məqsədi vardır. Rəbbimizin bu cür yaratmasının hikmətlərindən biri, insanın cənnətin varlığını qavraması və bunun üçün səmimi bir səy göstərməsini təmin etməkdir.


Allah insanın fitrətini ancaq Cənnətdə rahatlıq tapa biləcəyi və nəfsinin istəklərini ancaq burada təmin edə biləcəyi şəkildə yaratmışdır. Quranın bir çox ayəsində bu həqiqət insana bildirilmişdir. Əsl həyatını cənnətdə yaşayacağını, bu səbəblə də bütün səyini sonsuz gözəlliklər yurdu olan Cənnətə qovuşmağa yönəltməsini xatırlatmışdır. Bu mövzudakı Quran ayələrindən bəziləri belədir:

 

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

 

Həqiqətən, yaxşı əməl sahibləri, doğru olanlar nemətlər içində olacaqlar. Onlar taxtlar üstündə seyrə dalacaqlar. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. Onlara möhürlü, xalis şərabdan içirdiləcəkdir. Onun sonu müşkdür. Buna görə də yarışmaq istəyənlər, bunun üçün yarışsınlar! (Mutaffifin surəsi, 22-26)

 

Allah istədiyinin ruzisini artırar və azaldar. Onlar dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı axirətdəki əbədi xoşbəxtliklə müqayisədə müvəqqəti bir faydadır. (Rad surəsi, 26)

 

Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 35)

 

Peyğəmbərimiz (s.ə.v) də bir hədisi şərifində dünya həyatı ilə müqayisədə cənnətin insan üçün necə böyük bir nemət olduğunu belə bir nümunə ilə açıqlamışdır:


Cənnətdə, yay qədər bir yer, Günəşin üstündə doğduğu və ya batdığı şeydən (dünyadan) daha xeyirlidir. [Kütüb-i Sitte-14, səh. 429/2]


İnsan bu mövzuda heç bir məlumata sahib olmasa belə, dünya həyatının əskikliklərini və nəfsindəki, nemətlərə qarşı olan arzu hissini bir qədər düşündüyü təqdirdə, bu həqiqəti asanlıqla dərk edə biləcək. Çünki Allah, dünya həyatının həqiqi həyat olmadığının başa düşülməsindən ötrü insan üçün bir çox dəlil yaradır. İnsan demək olar ki, hər gün ilk növbədə öz bədənində olmaqla, dünya həyatının əskiklikləriylə qarşılaşır. Sadəcə həyatda qala bilmək üçün belə, çox sayda tədbir görmək məcburiyyətindədir. Ən kiçik bir etinasızlıqda xəstəliklər, yaralanma halları və hətta ölümlə də üzləşə bilər. Ömrünün böyük bir hissəsini bədəninin acizliklərini aradan qaldırmağa ayırar. Ancaq bütün bu səyə baxmayaraq, keçən illərlə birlikdə bədəni xeyli korlanar. İnsan bədəni kimi, ən gözəl çiçəklər belə vaxt keçdikcə solar; ən gözəl rəngli, ən xoş qoxulu çiçəklər, lalələr, bənövşələr çürüyüb məhv olar. Ən ləzzətli və ən təzə görünüşlü meyvələr, tərəvəzlər qısa müddətdə çürüyüb yeyilə bilməyəcək hala gələr. Ən ehtişamlı evlər, əşyalar, avtomobillər vaxt keçdikcə köhnələr, dağılıb gedər.


Bu sayılanlar insanın dünya həyatında yaşadığı milyonlarla əskiklikdən sadəcə bir neçəsidir. Lakin təkcə bunlar belə, insanın arzuladığı əsl yerin dünya olmadığını başa düşməsi üçün kifayətdir.


İnsan, bütün bu əskikliklər qarşısında daxilən, daim mükəmməl olan, bu əskikliklərin heç birinin olmadığı bir dünyada yaşamaq istəyər. Xəstəliklərin, ölümlərin, müharibələrin, döyüşlərin, pisliklərin, əskikliklərin, çətinliklərin heç yaşanmadığı bir dünyada yaşamağı arzulayar. Bu məqsədlə də, heç bir problemin yaşanmadığı xoşbəxt bir həyatı, dünya şərtlərində meydana gətirə bilməyin yollarını axtarar. Halbuki, Allah Quranda insanlara bu həyatı ancaq Cənnətdə yaşaya biləcəklərini bildirmişdir. İnsanın bunun üçün etməsi lazım olan şey isə olduqca asandır: Rəbbimizin rizasına uyğun bir həyat yaşamaq. Bundan sonra da (Allahın təqdiriylə) arzuladığından və xəyal edə bildiyindən xeyli üstün, qüsursuz və sonsuz xoşbəxtliklə dolu bir həyatla qarşılaşacaq.


İnsanın axtardığı, arzuladığı, sevdiyi hər şeyin yalnız cənnətdə olduğunu başa düşməsi üçün, Allah Quranda Cənnət nemətləri haqqında bir çox məlumat vermişdir. Kitabın sonrakı hissələrində Quran ayələri və Peyğəmbərimiz (s.ə.v)-in hədisləri istiqamətində Rəbbimizin bizlər üçün hazırladığı bu bənzərsiz nemətləri bir-bir sadalayacağıq.


Həmçinin İncildəki, Quran ayələri və Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə uyğunlaşan sözlərə də yer verəcəyik. Quran ayələrində bizlərə İncilin zaman keçdikcə təhrif edildiyi, bu səbəblə də içində müxtəlif səhv inancların olduğu bildirilir. İndiki vaxtda mövcud olan İncildə haqq hissələr ola biləcəyi kimi insanlar tərəfindən əlavə olunmuş səhv məlumatlar da vardır. Bu səbəblə də İncildə olan açıqlamaları Quran ayələriylə və Peyğəmbərimiz (s.ə.v)-in hədisləriylə uyğun olduqları ölçüdə qiymətləndirmək lazımdır.


Bu kitabda da bu meyar əsas götürülmüş və İslami qaynaqlara uyğun olan İncildəki bəzi açıqlamalara yer verilmişdir. Bu kitabın qarşıya qoyduğu məqsədlərdən biri, insanlara əsl həyatın dünyada deyil, cənnətdə yaşanacağını, nəfslərinin arzuladığı gözəlliklərin dünyada deyil, cənnətdə olduğunu xatırlatmaqdır. Daha əvvəl heç düşünməsələr belə, ruhlarında mükəmməlliyə qarşı olan arzuları təmin edə biləcək yeganə həyatın Cənnətdə olduğunu qavramalarına kömək etməkdir.


Digər bir məqsəd isə insanların Cənnətin bənzərsiz gözəlliklərini, əbədiyyən davam edəcək zövqlərini dərindən düşünmələrini təmin etməkdir. Çünki həm Quran ayələri, həm də Peyğəmbərimiz (s.ə.v)-in hədisləri, bizləri bir çox insanın daha əvvəl heç düşünməmiş ola biləcəyi Cənnət nemətləri barədə xəbər verir. Cənnətdəki ehtişamın, tükənməz nemətin və yaşanacaq olan gözəl həyatın başa düşülməsi, insanların Cənnətə qovuşma arzularını və bu həyatı qazanmaq üçün göstərəcəkləri səyi artıracaq. Allahın sonsuz rəhmətinə və bənzərsiz nemətlərinə layiq ola bilmək üçün böyük bir şövq və əzmlə xeyrlərdə yarışmalarına vəsilə ola biləcək.
Əlbəttə ki, kitab boyunca təsvir ediləcək Cənnət, insan ağlının və məlumatının qavrayışıyla məhdudlaşır. Həqiqətdə Allahın Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in hədisləriylə təsvir etdiyi Cənnətin mükəmməlliyi və gözəlliyi, insanın dünyada özünə verilən ağılla qavraya biləcəyindən və düşünə biləcəyindən xeyli üstün və bənzərsizdir. İnsan Cənnətə aid gözəllikləri, ancaq dünya həyatında bildiyi nemətlərlə müqayisə edib, bunlarla eyniləşdirərək başa düşə bilir. Ancaq Rəbbimizin orada saleh bəndələri üçün hazırladığı nemətlərin gözəlliyi, həqiqi halı ilə yalnız axirətdə qavranıb yaşanıla biləcək. İnsanın ruhu ancaq orada bunlardan zövq ala biləcək. Bunun bir hikməti isə Rəbbimizin bütün bu nemətləri və gözəllikləri yalnız iman edən qullarına verməsidir. Allah inkar edənləri Cənnət nemətlərindən məhrum etmişdir. Ayələrdə Cənnətə girə bilməyən kəslərin axirətdə Hədsiz dərəcədə Cənnətə daxil olmağı arzulayacaqlarından və yaşayacaqları böyük peşmanlıqdan bəhs edilir. Bu kəslər həsrətlə Cənnəti xatırlayacaq, sonsuza qədər böyük bir peşmanlıqla Cənnətə girmiş olmağı arzulayacaqlar. Əlbəttə ki, onlar da dünya həyatında Cənnətin varlığından, oradakı gözəlliklərdən xəbərdar olmuş ancaq bu həqiqəti nəzərə almamışdırlar. Nəfslərindəki bu istəyi dünya həyatında təmin edə biləcəklərini düşünərək var gücləriylə dünyaya yönəlmişlər.