Cənnətdə istənilən hər şeyin olması

Kainatda mövcud olan hər şey Allahın sonsuz gücünü və sonsuz ağlını əks etdirir. Allah dünyada imtahanın bir tələbi olaraq hər şeyi bir qanun əsasında yaradır və bütün olub bitənləri insan ağlının qavraya biləcəyi məqbul səbəb-nəticə əlaqələri içində göstərir. Bundan ötrü insanlar bir meyvə gördükləri vaxt bunun bir toxumdan əmələ gələn ağacın müəyyən vaxtdan sonra verdiyi meyvə olduğundan şübhə etməzlər. Əlbəttə ki, Allahın qanununa görə meyvənin dünyadakı mövcud olma səbəbi budur, lakin unutmamaq lazımdır ki, Allah istədiyi təqdirdə bütün kainatı səbəblərdən asılı olmadan da yarada bilər. Allah istədiyini istədiyi formada və zamanda, nümunəsiz olaraq yaradan, heç bir şeyə ehtiyacı olmayandır. Buna görə də Allahın yaratması üçün heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyac yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına bağlı olması insanları təəccübləndirməməlidir. Allah bütün bu səbəblərin yaradıcısı olub, bunlardan tamamilə uzaqdır. Necə ki, cənnətdə hər şey səbəbsiz olaraq yaradılacağı üçün ağacdan qopan meyvənin yerinə dərhal yenisi gələcək, heç bir azalma olmayacaq. Səbəbləri də, nəticələri də yaradan Allahdır. Məsələn, bir ağacın kölgəsinə baxdığımız vaxt bu kölgənin yaranma səbəbinin Günəş şüalarının əks olunma bucağı olduğunu bilirik. Kölgə Günəşin nəticəsidir, lakin Günəşi kölgənin yaranmasına səbəb edən Allahdır. Bu vəziyyət bir ayədə belə bildirilir:

 

Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik. Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik. (Furqan surəsi, 45-46)

 

Dünyadakı hər şeyi bu şəkildə səbəb-nəticə əlaqəsi içində yaratması Allahın sənətidir və Rəbbimizin bu təcəlliləri sonsuzdur. Allah hər şeyi istədiyi anda, istədiyi şəkildə yarada bilər və ya istədiyi hər formaya sala bilər. Kainatı yoxdan yaradan Allah, istədiyi vaxt da dünyada qavramağa çalışdığımız qanunları və səbəbləri aradan qaldıracaqdır. Saleh müsəlmanlar cənnətdə ağıllarına gələn, xoşladıqları hər şeyi istəyə biləcək, istəmələriylə yanaşı Allahın izniylə bunlara elə həmin vaxt sahib olacaqlar. İstər özləri, istərsə də ətraflarındakı insanlar istədikləri forma və surətdə olacaq, istədikləri hər şeyi edib, ən zövq alacaqları nemətlər içində yaşayacaqlar. Üstəlik bunların heç biri bir ehtiyacı ödəmək, bir çatışmazlığı aradan qaldırmaq, bir qüsuru örtmək məqsədiylə olmayacaq, yalnız Allahdan bir nemət və gözəllik olaraq cənnət əhlinin zövq almaları üçün olacaq. (Doğrusunu Allah bilir.)
Bu mövzuda hədislərdə verilən nümunələrdən bir qismi belədir:


Bir adam Rəsulullah əleyhissalatu vəssəlama: "Cənnətdə at vardırmı?" deyə sual verdi. Əleyhissalatu vəssalam da:
"Allah Təala həzrətləri səni cənnətə qoyduğu təqdirdə, qırmızı yaqutdan olan bir at üstündə gəzmək istəsən, o səni istədiyin hər yerə uçurub aparacaqdır" deyə buyurdu. Bundan sonra başqa biri də:
"Cənnətdə dəvə vardırmı?" deyə soruşdu. Amma əleyhissalatu vəssalam bu adama əvvəlkinə dediyindən fərqli bir şey dedi. Belə buyurdu:
"Əgər Allah səni cənnətə qoyarsa, orada ürəyinin istədiyi hər şey, gözüyə xoş gələn hər şey olacaq". [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 431/14]


Hədisdə bildirilən "ürəyinin istədiyi hər şey, gözüyə xoş gələn hər şey" bizim dünyadakı baxış bucağımızla, təxəyyül gücümüzlə məhdudlaşmır. Allah Quranda "...Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız" (Zuxruf surəsi, 71) ayəsiylə bu nemətlərin bolluğuna diqqət çəkmişdir. Bu mövzuyla əlaqəli olan digər ayələr isə belədir:

                            
...Orada nəfsinizin arzuladığı və istədiyiniz hər şey sizindir. (Fussilət surəsi, 31)

 

...Onlar nəfslərinin arzuladıqları (saysız nemət) şeylər arasında əbədi qalacaqlar.
(Ənbiya surəsi, 102)

 

Hamımızın dünyada istəyib də, bəzən vaxt ayıra bilmədiyimizdən, bəzən də riskli olduğundan ötrü edə bilmədiyimiz bir çox şey vardır. Məsələn, bəziləri üçün avtomobil və ya motosikleti yüksək sürətlə idarə etmək həyəcan verici bir zövq ola bilər, bəziləri üçünsə uzun müddət suyun dərinliklərinə dalmaq ya da yüksək dağlarda xizək sürmək, paraşütlə yüzlərlə metr hündürlükdən tullanmaq kimi təhlükəli idmanlar etmək istəyə bilər. Ancaq bunların hamısı adamın həyatını təhlükə altına salan idman növləridir.
Bir çox adam da professional surətdə musiqi aləti çala bilmək, rəsm çəkə bilmək kimi xüsusi qabiliyyətlərə sahib olmaq istəyə bilər. Bu kimi şeylər qabiliyyətlə yanaşı, bəzi hallarda praktiki məlumat və uzunmüddətli bir təhsil tələb edir. Cənnətdəki biri isə istədiyi hər şeyə sahib ola biləcəyi üçün istədiyi anda heç bir səy göstərmədən, qabiliyyət kimi bir səbəbdən asılı olmadan belə bir imkana sahib ola bilər. (Doğrusunu Allah bilir)
Bir hədisdə cənnətdəki istəklərin sonsuzluğu belə vurğulanmışdır:


Rəbbi də belə buyuracaq: "...Bura, sizə bolluca nemət verəcəyim bir yerdir. Məndən nə istəyirsinizsə istəyin!"
Ondan razılıq istəyəcəklər. O da belə buyuracaq: "Onsuz da sizi bura yerləşdirən Mənim razılığımdır. Sizə daha bolluca nemət verəcəyəm, istəyin!"
Arzuları bitənə qədər dayanmadan istəyəcəklər.


Quran ayələrində və hədislərdə cənnətdə Allah istədiyi təqdirdə nəfsin arzuladığı hər şeyin mümkün olacağı bildirilir. Buna görə də insanların dünyada ancaq xəyal edə biləcəkləri, reallaşması mümkün olmayan şeyləri yaşamaları da mümkün ola bilər. Məsələn, at üstündə uçmaq dünya şəraitində qeyri-mümkündür, ancaq hədislərdə diqqət çəkildiyi kimi bu da Allahın istəyi ilə cənnətdə mümkündür. Bir hədisdə istəyən adamın uça biləcəyindən belə bəhs edilir:


Əgər sənə cənnətə girmək nəsib olsa, "qırmızı yaqutdan bir ata minim" desən minərsən. "Uçum desən uçarsan". [Ramuz el-Ehadis-1, səh. 149/5]


Başqa bir hədisdə isə cənnətdəki nemət bolluğu haqqında Peyğəmbərimiz (s.ə.v) belə buyurur:


"Allah Təala həzrətləri belə buyurdu: "Mən şanı böyük olan Allah, saleh bəndələrim üçün gözlərin görmədiyi, qulaqların eşitmədiyi, insanın xəyalını belə qurmadığı və ağlından heç keçməyən nemətlər hazırladım" [(Buhari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, səh. 4419/1]

 


Cənnətdə istənilən şeylərin dərhal olması:

Dünyada gözəl bir yemək istəyən kəs, bunun üçün zəhmət çəkməli və vaxt xərcləməlidir. Heç bir səy göstərmədən, hələ ağlından keçirdiyi vaxt bu yeməkləri qarşısında hazır vəziyyətdə görməsi ehtimalı isə nəfsinin çox xoşlayacağı bir şeydir. Necə ki, bu, dünya şəraitində qeyri-mümkündür. Ancaq vəd edilən cənnət mühitində satın alma, zəhmət çəkmə və vaxt sərf etmə kimi bir çox səbəb və mərhələ aradan qalxaraq, nemətlər insanın ən çox xoşlayacağı şəkildə təqdim edilir. Bir hədisdə bu vəziyyət belə bir nümunə ilə nəql edilmişdir:


Cənnətdə sənin ürəyin quş əti istəyəcək. Dərhal qızardılmış halda qabağına gətirilib qoyulacaq. [Büyük Hadis Külliyatı-5, səh. 414/10123]


Bir rəvayətdə Peyğəmbərimiz (s.ə.v)-in belə bir hədisi xəbər verilir:


...O insanın ağlına quş ətindən yemək gələr və beləliklə də dərhal müxtəlif ət yeməkləri halında onun qabağına gələr. Cənnət əhli ondan istədiyi qədər yeyər. Doyduğu vaxt quşun sümükləri toplanar, sonra da uçar və istədiyi kimi qidalanmağa başlayar. [Tezkire-i Kurtubi-1, səh. 58]


Digər bir tərəfdən cənnət mühitindəki bir kəs istədiyi hər şeyi edə biləcəyi üçün hədisdə də bildirildiyi kimi istədiyi təqdirdə işə ehtiyacı olmadığı halda, zövq üçün əkinçiliklə də məşğul ola bilməsi mümkündür:


Peyğəmbərimiz (s.ə.v)-in səhrada yaşayan bir adamla danışarkən, suallarına belə cavab verdiyi rəvayət olunur:
Bir adam (cənnətdə) əkinçiliklə məşğul olmaq üçün Rəbbindən izn istəyəcək. Rəbbi isə ona: "Sən istədiyin vəziyyətdə deyilsənmi?deyəcək. O da belə deyəcək: "Bəli. Lakin, mən əkinçiliklə məşğul olmağı sevirəm". Ona izn veriləcək, dərhal toxum əkəcək bir anda cücərəcək, böyüyəcək, dənələri sünbüllərdən ayrılıb, dağlar kimi məhsul yığılacaq... [(Buhari), Büyük Hadis Külliyatı-5, səh. 413/10119]

 

 

İstənildiyi kimi surət dəyişdirə bilmək:
İnsanlara üzləri və fiziki görünüşləriylə əlaqədar seçim imkanı verilsə, şübhəsiz ki, hər kəs qüsursuz bir görünüşə sahib olmağı istəyər. Çünki insan ruhu gözəllikdən zövq alacaq şəkildə yaradılmışdır və həmişə ən qüsursuz olanı, ən mükəmməl olanı axtarır. Ən kiçik bir təfərrüatdakı qüsur belə gözünə çarpar, diqqətini çəkər. Necə ki, insan axtardığı qüsursuz gözəlliyi heç vaxt dünyada tam olaraq tapa bilməz. Bir adam dünyanın ən gözəl insanı da olsa, onun qaçılmaz surətdə yaşadığı acizliklər, xəstəliklər və ən əhəmiyyətlisi də bir gün öləcək olması onun bu gözəlliyinə kölgə salar. Çünki imtahanın bir tələbi olaraq dünyada demək olar ki, hər şey yoxdur və qüsurlarla birlikdə yaradılmışdır. Bu çatışmazlıq və qüsurların insanların axirətə yönəlmələri və cənnət həyatına qovuşmağı arzulamaları baxımından çox böyük xeyir və hikmətləri vardır. İnsanın xoşladığı qüsursuzluğun və gözəlliyin həqiqi yeri isə cənnətdir. Allah adamı cənnətdə qüsursuz gözəllikdə və ən xoşlayacağı surətdə yaradacaq. Üstəlik bu gözəllik tək bir surətlə məhdudlaşmır. Allah cənnətdəki qullarına istədikləri vaxt istədikləri surəti seçə biləcəkləri bir imkan verəcək, beləliklə də, cənnət əhli hər istədiyi vaxt fərqli bir gözəlliyə sahib ola biləcək.
Peyğəmbərimiz (s.ə.v) möminlərin cənnətdəki bazarlarda bəyəndikləri surətə girəcəklərini bir hədisində belə xəbər verir:


Cənnətdə bir bazar vardır. Ancaq orada nə alış, nə də satış vardır. Yalnız kişi və qadın surətləri vardır. İnsan bu surətlərdən hansına girmək istəsə girə bilər. [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 434/17]

 

İstəyən adamın uşaq sahibi olması:
Bir kəs uşaq sahibi olmaq istəsə, bu da yenə cənnətə uyğun bir asanlıq və mükəmməllik içində baş verər:


Mömin cənnətdə uşaq sahibi olmaq istədiyi vaxt; onun hamilə qalması, doğması və uşağının bir yaşının tamam olması bir anda baş verir. [Tezkire-i Kurtubi-1, səh. 55]


Bundan başqa cənnətdə uşaqların vəziyyəti ilə əlaqədar hədislərdə bunlar bildirilir:


Möminlərin övladları cənnətdəki bir təpədədir. Onlar, qiyamətə qədər İbrahim (ə.s) ilə arvadı Saranın tərbiyəsi altındadırlar. [Ramuz el-Ehadis-1, səh. 73/2]

 

Gecənin olmaması:
Gecə dünya həyatında insanlar üçün bir istirahət vaxtı olaraq yaradılmışdır. Cənnətdə yatmağa və istirahət etməyə ehtiyac qalmayacağı üçün, gecənin qaranlığına da ehtiyac qalmayacaq. Cənnətdə gecənin olmadığı hədislərdə belə bildirilir:


Cənnətdə gecə yoxdur. O, işıq və nurdan ibarətdir... [Ramuz el-Ehadis-2, s.əh 366/4]

 

Yuxunun olmaması:
Yuxu insanın dünyada yaşadığı acizliklərdən biridir. Bütün insanlar yuxuya ehtiyac duyacaq şəkildə yaradılmışdır və nə qədər istəsələr də buna qarşı müqavimət göstərə bilməzlər. Üstəlik bədən yuxusuz qaldığı təqdirdə, həm xəstəliklərə qarşı olan müqaviməti azalır, həm də yorğun kimi görünür. Digər tərəfdən yuxuya ayrılan vaxt da az hesab edilə bilməyəcək qədər çoxdur. İnsan ömrünün təxminən üçdə bir hissəsini yuxuda keçirər. Bu həmçinin də dünya həyatında onsuz da qısa olan ömrünün çox böyük bir hissəsini bir növ ölü kimi keçirdiyi mənasını verir. Necə ki, Quranda "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm veriləni(n ruhunu) saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır..." (Zumər surəsi, 42) ayəsiylə yuxunun bir növ ölüm olduğu xəbər verilmişdir. Lakin cənnətdə yuxu və yorğunluq kimi acizliklər yoxdur. Allah, "Onlara orada heç bir yorğunluq toxunmayacaq..." (Hicr surəsi, 48) ayəsiylə bu həqiqəti qullarına bildirmişdir. Bir hədisdə isə cənnətdə yuxunun olmadığı belə qeyd olunmuşdur:


Peyğəmbər səllallahu əleyhi və səlləmdən: "Cənnət əhli yatarmı?" deyə soruşdular. Belə buyurdu: "Yuxu, ölümün qardaşıdır. Cənnət əhli yatmaz". [Büyük Hadis Külliyatı-5, səh. 414/10125]

 

Mübahisənin olmaması:
Cənnət əhlinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də əxlaqlarının çox gözəl olmasıdır. Bir hədisdə cənnətdəki möminlərin əxlaqlarının gözəlliyinə belə diqqət çəkilmişdir:


Mən cənnət bağçalarında, cənnətin üstündə və alt tərəfində yerləşən bir köşkə daxil olacaq adam üçün zaminəm ki, o haqlı olduğu halda mübahisəni tərk edər, zarafat üçün də olsa yalan danışmaz və insanlar(a nümunə olması) üçün əxlaqını gözəlləşdirər. [Ramuz el-Ehadis-1, səh. 152/6]


Vicdanından istifadə edən, Allahdan qorxub çəkinən kəslərin olduğu bir mühitdə hər kəs rahat olar. Gözəl əxlaqın yaşanmadığı bir yerdə isə mübahisə, qısqanclıq, döyüş, hirs, kin, istehza, küsəyənlik hakimdir. Quran əxlaqından uzaq yaşayan kəslər, bu pis əxlaq xüsusiyyətlərindən ötrü, öz əlləriylə cəhənnəmi xatırladan bir mühit meydana gətirərlər.


Dinc, xoşbəxt, təhlükəsiz bir mühit içində dostcasına, qardaşcasına, tolerantlıqla yaşaya biləcəkləri halda, dünyəvi ehtirasların arxasınca qaçıb, öz istək və ehtiraslarına qapılaraq çox böyük bir neməti itirərlər. Müsəlmanlar üçünsə dünyada səbirli, etidallı, ağıllı, məntiqli, stabil, bağışlayıcı, şəfqətli, sevgi dolu, gözəl əxlaqlı olmağın verdiyi dərin bir imani zövq vardır. Bir mömin bu gözəl xüsusiyyətləri özündə gördükdə ayrı bir həzz alar, başqa möminlərdə gördükdə bunlardan da ayrı bir zövq alar. Əbədiyyən davam edəcək bu razılıq, zövq və gözəlliklər cənnətdə də artaraq davam edər. Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən birində cənnətdəki bu mühit belə təsvir edilir:


...Ürəkləri, tək bir nəfərin ürəyi kimidir. Aralarında mübahisə, düşmənçilik yoxdur... [Kütüb-i Sitte-14, səh. 449/3]


Buna bənzər başqa bir hədisdə isə cənnət əhlinin əxlaqından belə bəhs edilir:


Onların əxlaqı tək bir adamın əxlaqı kimidir. [Tezkireti'l Kurtubi, səh. 329/579]


Necə ki, Allah Quranda cənnətinə layiq gördüyü mömin qulları üçün "Biz onların köksündəki kin-küdurəti çıxartdıq. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşdırlar" (Hicr surəsi, 47) deyə buyuraraq, onların yaşadıqları mehriban və səmimi dostluğa diqqət çəkir.

 

Kədər, sıxıntı kimi mənfi halların olmaması:
Kədər, sıxıntı kimi insanlara əzab verən ruh halları din əxlaqından uzaq yaşayan kəslərdə tez-tez müşahidə olunur. Allahın hər şeyi bir tale əsasında, xeyirlə yaratdığını görmək istəməyən bu kəslər xoşagəlməz hal, çətinlik kimi görünən hadisələr qarşısında qorxu və təşvişə qapılırlar. Allaha təvəkkül etmədikləri üçün sıxılar, heyiflənər, hətta sağlamlıqlarına zərər gələcək dərəcədə xeyli kədərlənərlər. Halbuki insan özü üçün nəyin xeyir, nəyin şər olacağını bilməz, ancaq Allah bilər. Bir ayədə bu həqiqət belə bildirilir:

 

...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilər, lakin siz bilməzsiniz. (Bəqərə surəsi, 216)

 

Dünyada çətinlik, sıxıntı kimi görünən bir vəziyyət axirətdə adamın cənnətə qovuşmasına vəsilə olacaq bir gözəlliyə çevrilə bilər. Bunu dərk edən möminlər, dünyada qarşılaşdıqları sıxıntı və çətinlik kimi görünən mənfi halları imanlarının gücü ilə özlərindən uzaqlaşdırırlar. Allaha təslim olmağın, yaratdığı hər şeydən razı qalmağın rahatlığı və dincliyi içində, qarşılaşdıqları hər hadisəni Allahın yaratdığı bir gözəllik olaraq qiymətləndirirlər. Buna görə də cənnətə daxil olmaq ümidi ilə yaşayan möminlər dünyəvi olan heç bir şeyi mənfi hal kimi qiymətləndirməzlər. Cənnətdə isə Allahın rəhmətiylə, əbədiyyən kədər, çətinlik, narahatlıq kimi hislərdən uzaq yaşayacaqlar. Hədislərdə cənnətdəki bu nemət belə xəbər verilir:


...Hər bir narahatlığın ardı kəsiləcək. Cəhənnəm əhlinin narahatlığı müstəsnadır... [Ramuz el-Ehadis-2, səh. 342/15]


...Onlar belə deyəcəklər: "Biz əbədi yaşayanlarıq, əsla həlak olmarıq, biz xoşbəxt insanlarıq, əsla kədərlənmərik... [(Tirmizi), Büyük Hadis Külliyatı-5, səh. 409/10099]


...Artıq heç bir dərd və təhlükə yoxdur... [Ramuz el-Ehadis-1, səh. 170/1]


İncildə isə bu mövzu haqqında bunlar deyilir:
..."Ağ xalat geyinmiş bu kəslər kimlərdir?, haradan gəldilər?" ...Mənə: "Bunlar, o böyük çətinlikdən keçib gələnlərdir” dedi... Bunun üçün Allahın taxtının qarşısında dayanırlar... Taxtın üzərində oturan, çadırını onların üstünə uzadacaq... Allah onların gözlərindən axan bütün yaşları siləcək". (Yuhanna'ya Gelen Esinleme, 7-ci hissə, 13-17)
Allah Quranda möminlərin bu dinc ruh hallarını belə bildirir:

 

Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəsləri isə heç bir qorxu ilə qarşılaşmayacaqları və kədərlənməyəcəkləri barədə müjdələmək istəyirlər. (Ali İmran surəsi, 170)

 

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 34)

 

Artıq Allah, onları belə bir günün şərindən qorumuş, onlara gözəllik və sevinc bəxş etmişdir;
(İnsan surəsi, 11)

 

Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. (Mutaffifin surəsi, 24)

 

Daha əvvəl də ifadə etdiyimiz kimi, demək olar ki, dünyada olan hər şey imtahanın bir tələbi olaraq xüsusilə əskik və qüsurlu yaradılmışdır. Möminlər dünyada qarşılaşdıqları bütün çətinlik və sıxıntı qarşısında gözəl şəkildə səbr edər, Allaha təvəkkül edərlər. Peyğəmbərimiz (s.ə.v) hədislərində adamın ancaq cənnətə girdiyi vaxt həqiqi mənada rahatlığa qovuşduğunu xəbər vermişdir:


Yalnızca cənnətə girən şəxs rahatlığa qovuşar. [Ramuz el-Ehadis-1, səh. 138/13]


Peyğəmbərimiz (s.ə.v) başqa bir hədisində isə cənnətdəki bu dinc mühiti belə təsvir edir:


Cənnət əbədi bir iqamətgah olub, parıldayan bir nur, yayılmış bir qoxu, çox yaxşı inşa edilmiş bir qəsr, axan bir çay, yetişmiş bir meyvə, yaşıllıq, sevinc, sərinlik, təravət yeridir. [Ölümden Sonra Diriliş, səh. 47]