Cənnət sevincini yaşamaq

Müsəlmanlar üçün dünyada ən əhəmiyyətli nemətlərdən biri axirətdə cənnəti qazanmağı ümid edə bilmələridir. Allah dünyanı müsəlmanların cənnətə qovuşmağı arzulayacaqları şəkildə yaratmışdır. Allahın və axirətin varlığına iman edən hər kəs, dünyada mövcud olan nemət və gözəlliklər qarşısında həmişə cənnəti xatırlayacaq, bu nemətlərin müvəqqəti olduğunu bilərək cənnətdəki əsllərini istəyəcək. Necə ki, belə bir kimsənin cənnətə qovuşma istəyi və bundan ötrü keçirdiyi həyəcan hissi, rəftarlarından, danışıqlarından, din əxlaqını yaşama mövzusundakı səmimi səyindən hiss ediləcək.


Möminlər cənnətə qovuşmağı ümid etdiklərindən ötrü daimi bir həyəcan içindədirlər. Həyəcan və şövqləriylə yanaşı, Rəbbimizin bənzərsiz nemətlərinə varis olacaq kəslərə vəd edilən cənnətlə sevinc və şadlıq içindədirlər.
İncildə cənnət sevincindən belə bəhs edilir:


O gün sevinin, coşğuyla atılıb düşün! Çünki göydəki mükafatınız böyükdür... (Luka, 6-cı hissə, 23)


İncilin başqa bir yerində isə çox az adamın cənnətə layiq olacağından belə bəhs edilir:


Biri ona; "xilas olanların sayı azmı olacaq?" deyə sual verdi. İsa oradakılara belə dedi: "Dar qapıdan girməyə cəhd edin. Sizə bunu deyim ki, çox adam içəri girmək istəyəcək, amma girə bilməyəcək. (Luka, 13-cü hissə, 23-24)


İmanın qazandırdığı ağıl və vicdanla, cənnəti lazım olduğu kimi düşünə bilən bir kimsə, mənəvi dərinliyi ölçüsündə də bu nemətin fərqində olaraq yaşayacaq. Cənnətin əhəmiyyətinə, heç bir şeylə müqayisə edilə bilməyəcək dəyərinə diqqət çəkilən hədislərdən bir qismi belədir:


Cənnətdəki kiçik bir yer dünya və dünyadakı şeylərdən xeyirlidir. [Ramuz el-Ehadis-1, səh. 132/9]
Cənnətdə yay qədər bir yer var ki, Günəşin üstündə doğduğu və ya batdığı şeydən (dünyadan) daha xeyirlidir. [(Buxari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, səh. 429/2]


Kitab boyunca Quran ayələrində və hədislərdə verilən təriflərlə qeyd etdiyimiz kimi, cənnətə aid hər şey dünyadakılarla müqayisə edilə bilməyəcək qədər mükəmməldir. Cənnətdəki bu üstünlük və qüsursuzluq insanın ömrü boyu axtardığı, yaşaya bilmədiyi bir gözəllikdir. Bu səbəbdən də cənnətə qovuşmağı arzulamağın, ona layiq ola bilmə ümidini hiss edə bilməyin və Rəbbimizin cənnət vədinin sevincini yaşamağın özü belə çox böyük bir nemətdir.