Cənnətdəki təbiət gözəlliyi

İnsan ruhu estetikadan, simmetriyadan, gözəllikdən, təmizlikdən, nizamdan, rəng uyğunluğundan, bir sözlə, mükəmməllikdən zövq alacaq şəkildə yaradılmışdır. Necə ki, təbiətdəki bütün rənglər və görünüşlər də insanın ruhundakı bu zövqə xitab edən ən yaxşı ahəngdarlığa və gözəlliyə sahibdirlər.


İnsanlar istirahət etmək, dincəlmək üçün daima təbii gözəlliklərlə əhatələnmiş məkanları seçərlər. Yaşıllıq, meşəlik, dəniz kənarı və ya çay sahili kimi yerlərdə təmiz hava, torpaq və su ilə yaxın təmasda olmaq insanlara dinclik və xoşbəxtlik gətirər.


Günəş şüalarının, təmiz havanın daxil olmadığı, təbii gözəlliklərdən uzaq mühitlər isə adətən insanların xoşuna gəlməz.


İnsanın təbii gözəllik axtarmasının səbəblərindən biri, Allahın insanı cənnət gözəlliklərindən zövq alacaq şəkildə yaratmış olmasıdır. İnsan dərk etsə də, etməsə də əslində cənnət nemətlərinə qovuşmağı ümid edir. Ayələrdə cənnətin təbii gözəlliklərlə dolu olacağı belə xəbər verilir:

 

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan cənnətlər vardır. Bu, böyük qurtuluş və xoşbəxtlikdir. (Büruc surəsi, 11)

 

Cürbəcür 'incəliklərə və gözəlliklərə' (və ya hər növdə olan sıx ağaclara) sahibdirlər. (Rəhman surəsi, 48)

 

Cənnət ağacları:
İnsanlar ruhən ağaclıq yerlərdə olmaqdan zövq alarlar. Onlar hər nə qədər binaların sıx yerləşdiyi şəhər mərkəzlərində yaşasalar da, adətən ağaclıq, yaşıllıq yerlərdə olmaq istəyərlər. Ağaclıq bir yerə aid bir mənzərəni izləmək ya da belə bir fotoşəkilə, hətta portretə baxmaq belə insanlar üçün bir zövqdür. Dünyada bir çox faydası ilə birlikdə yaradılmış ağaclar, Rəbbimizin insanlara bəxş etdiyi nemətlərdəndir. Ağaclar, gözəl görünüşləri, bənzərsiz növləri, müxtəlif rəngləri, sərinlik verici kölgələriylə, insanlara zövq verəcək şəkildə yaradılmışlar. Allahın "boyları bir-biriylə yarışan və sıx ağaclı bağçalar" (Əbəsə surəsi, 30) ayəsiylə bildirdiyi ağaclar, axirətdə cənnətə məxsus üstün xüsusiyyətlərlə yaradılmışlar. Ağaclar da solmadan, qurumadan, yarpaqları tökülmədən, ehtişamlı görünüşləriylə birlikdə cənnətdə qüsursuz şəkildə yaradılmışlar. Aşağıdakı hədislərdə isə xüsusilə də ağacların kölgəsindən bir cənnət neməti olaraq tez-tez bəhs edilir:


Cənnətdə elə bir ağac vardır ki, bir atlı onun kölgəsi altında yetmiş yaxud da yüz il qədər gedər (yenə də onun sonuna çata bilməz). O əbədiyyət ağacıdır... Cənnətdə bir ağac vardır ki, bir şəxs dörd yaşındakı bir dişi dəvə balasına, yaxud da beş yaşındakı bir dişi dəvəyə minsə, sonra da ağacın dib tərəfindəki gövdəsinin ətrafında dolanmağa başlasa, hərəkətə başladığı yerə çatmadan dəvə yaşlanaraq yerə yıxılar... Onun körpə budaqları cənnətin qala divarlarını aşır. Şübhəsiz ki, cənnətdəki hər bir çay o ağacın dibindən başlayır... [Tezkireti'l Kurtubi, səh. 311/513]


Cənnətdə bir ağac vardır ki, minik üstündə olan bir şəxs bir əsr boyu onun kölgəsi altında hərəkət etsə onun sonuna çata bilməz. İstəyirsinizsə bu ayəni oxuyun: "Daimi kölgəliklərdə və çağlayan suların başındadırlar". [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 427/9]

 

Quranda "kölgə altında olmaq"dan bir cənnət neməti olaraq belə bəhs edilir:

 

İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları cənnətlərə daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları nə isti, nə də soyuq tam ölçüsündə kölgəliklərdə yerləşdirəcəyik. (Nisa surəsi, 57)

 

Təqva sahiblərinə vəd edilmiş Cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun meyvələri də, kölgəsi də daimidir. Bu qorxub-çəkinənlərin (xoşbəxt) aqibətidir, inkar edənlərin aqibəti isə Oddur. (Rad surəsi, 35)

 

Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. (Yasin surəsi, 56)

 

Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başındadırlar (Mürsəlat surəsi, 41)

 

Onlar orada taxtlara söykənəcəklər. Orada nə (yandırıcı) günəş, nə də soyuq görərlər. (İnsan surəsi, 13)

 

Təhrif olunmuş İncildə də cənnətdən bəhs edilir və Qurandakı təriflərə uyğun olan "...Onları nə gün, nə də yandırıcı bir istilik vuracaq" cümləsi qeyd olunur. (Yuhanna'ya Gelen Esinleme, 7-ci hissə, 16)
Cənnətdəki təbii gözəlliklərin təsvir edildiyi bir çox hədisdə tuba ağacından və onun xüsusiyyətlərindən bəhs edilir. Peyğəmbərimiz (s.ə.v) bu ağacı belə təsvir edir:


...Tuba cənnətdə olan bir ağacdır. Yüz illik bir ağacın tutduğu qədər yer tutur və cənnət paltarları da onun tumurcuqlarından hazırlanılır. [Ramuz el-Ehadis-2, səh. 313/7]


Tuba ağacı bənzərsiz xüsusiyyətlərə və görünməmiş bir böyüklüyə malikdir. Bununla yanaşı dünyadakı səbəblərin hakim olmadığı cənnət mühitində cənnət paltarlarının da bu ağacdan hazırlandığı ifadə edilir. Peyğəmbərimiz (s.ə.v) başqa hədislərində cənnətdəki ağacları belə təsvir edir:


...Cənnət ağaclarının dib gövdəsi mirvari və qızıl, yuxarısı da meyvədir. [Tezkireti'l Kurtubi, səh. 315/523]


Cənnətdə elə bir ağac yoxdur ki, qızıl gövdəli olmasın. [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 427/10]


Cənnətdə Allahın bənzərsiz, sonsuz yaratmasına şahid olacağımız üçün hər şey mümkün ola bilər. Məsələn, cənnət ağaclarının meyvələri yaqut, almaz, sapfir kimi qiymətli daşlar formasında görünüb, ələ alındığı vaxt yeyiləcək hala gələ bilər.


Cənnətdəki ağacların mahiyyətini soruşan bir səhabəyə Peyğəmbərimiz (s.ə.v)-in belə dediyi rəvayət edilmişdir:


Bu ağacların qolları qurumaz, yarpaqları tökülməz, suyu çəkilib getməz, meyvəsi tükənməz. [İlahi Dinlerde Cennet İnancı, səh. 54]

 

Cənnətdəki çaylar və dənizlər:
Su ehtiyyatları olduqları əraziyə bərəkət gətirər, oranı canlandırıb təmizləyərlər. Həmçinin suya yaxın məkanlarda yaşamaq üçün daha əlverişli olub, insanların xoşlayacağı mülayim iqlim şəraiti hakimdir. Məhz buna görə də insanların istirahət etmək üçün seçdikləri yerlər də dəniz, göl və ya çay kənarlarına yaxın yerlər olar. Necə ki, Quranda təqvalı insanların Allahdan bir nemət olaraq "cənnətlərdə və çeşmələr başında" (Hicr surəsi, 45) olduqları bildirilmişdir.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində cənnətdəki çaylardan tez-tez bəhs edilir:


Cənnət çayları, müşk dağlarının yaxud da müşk təpələrinin altından başlayar. [Tezkireti'l Kurtubi, səh. 307/501]


Cənnətdə, bal dənizi, şərab dənizi, süd dənizi və su dənizi vardır. Digər çaylar bunlardan başlayacaq. [(Tirmizi), Büyük Hadis Külliyatı-5, səh. 409/10097]


Hədisdə cənnətdə baldan, süddən, şərabdan dənizlərin olacağından bəhs edilir. Ancaq burada bəhs edilən süd, bal və şərab dünyadakından çox fərqli, cənnətə məxsus xüsusiyyətləriylə birlikdə yaradılmışdırlar. Cənnətdə bunların hər biri tərtəmiz, ləzzətli və rahatlıq verən içkilərdir. Məsələn, cənnətdə təqdim edilən şərab dünyadakı şərablara bənzəmir. Cənnət əhlini məst etməyəcək və içənlərə baş ağrısı verməyəcəkdir. Allahın cənnət üçün hazırladığı içki, "ağappaq, içənlərə ləzzət verən (bir içki)dir. O nə narahatlıq verər, nə də ondan məst olarlar" (Saffat surəsi, 46-47) ayələriylə Quranda təsvir edilir.


Həmçinin bu nümunələr (süd, bal və şərabdan olan çaylar) cənnətdə Allahın özlərindən razı qaldığı qullarını gözləyən çox fərqli gözəlliklərin ola biləcəyinə işarə edir. Süd tez xarab olan bir qida olmasına baxmayaraq, cənnətdə süddən dəniz və çayların olması oradakı nemətlərin mükəmməliyinə aid aydın bir nümunədir. Cənnət əhlinin istədiyi təqdirdə belə görünüşlərin yaradılması Allah üçün çox asandır.


Bu nemətlər təsvir edilərkən çay və dəniz ifadələrindən istifadə edilməsi də xüsusilə cənnətdəki bolluğu vurğulayır. İnsanlar bu nemətləri dünya həyatında daim az miqdarda görürlər. Bankalarda, şüşə qablarda və ya fərqli qablarda satın aldıqları bu məhsulların cənnətdə ehtiyyat şəklində qarşılarına çıxması, xarab olmadan, çirklənmədən, mümkün ola biləcək ən mükəmməl ləzzətdə özlərinə bol-bol şəkildə verilməsi həyəcanlandırıcı bir nemət və gözəllikdir.


Quranda da bu çayların xüsusiyyətlərindən ətraflı şəkildə bəhs edilir:

 

Təqva sahiblərinə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Allah tərəfindən bağışlanma gözləyir… (Məhəmməd surəsi, 15)

 

Ayədə süd, bal, şərab kimi bir neçə nemət nümunə olaraq verilmişdir. Ancaq insanın xoşladığı hər hansı bir nemətin çay halında axması, su kimi bol və təmiz olması, xarab olmadan qalması da mümkün ola bilər. Həmçinin Allah cənnətdə içkilərin qədəhlərlə təqdim edildiyini və bu içkinin cənnət əhlinin başlarını ağrıtmayacağını, bundan məst olmayacaqlarını bildirir. Allah başqa bir ayədə "çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır" (Saffat surəsi, 45) deyə buyurur. Möminlər üçün cənnətdə "sonu müşk, qatışığı isə təsnim bulağından olan, möhürlü, xalis bir şərab" (Mutaffifin surəsi, 25-27) hazırlanmışdır. (Təsnim: Cənnətdəki bulaqlardan birinin adıdır.)


Ayələrdə də bildirildiyi kimi bu içkilər eyni zamanda gözəl iyə də malikdir. Digər tərəfdən cənnətdə dənizlərin altında, çayların dibində bizim təssəvvür edə bilmədiyimiz fövqəladə gözəlliklər ola bilər. Allah istəyən şəxsin nəfəs alma problemi olmadan suya daxil olmasına, çılpaq gözlə aydın bir görünüşlə dəniz altındakı gözəllikləri görməsinə imkan yarada bilər. Dünyada ancaq sənədli filmlər sayəsində öyrənilən dənizaltı gözəlliklər, cənnətdə möminlərin asanlıqla görə biləcəkləri və çox zövq alacaqları şəkildə ola bilər.

 

 

Cənnət torpağının gözəlliyi:
Cənnət torpağının gözəlliyi Peyğəmbərimiz (s.ə.v)-in hədislərində belə ifadə edilmişdir:


Cənnətin əkiləcək ağaclarını çox əkin. Çünki onun suyu şirin, torpağı gözəldir... [Ramuz el-Ehadis-1, səh. 72/14]


Cənnət binalarının bir kərpici qızıl, bir kərpici gümüş, qarışığı müşk, çay daşı mirvari və yaqut, torpağı isə zəfərandandır... [Ramuz el-Ehadis-1, səh. 200/6]


Hədisdə cənnət torpağı zəfəran adlı, qiymətli bir bitkidən əldə edilən bir ədviyyata bənzədilmişdir. Bu bitki vanilinə bənzər ətri, canlı, parlaq qızıl sarısı rəngi ilə ədviyyatlar arasında olduqca xüsusi bir yerə malikdir. 1 kq zəfəran əldə etmək üçün 70 000-250 000 çiçək toplamaq lazımdır. Hal-hazırda zəfəran istehsalı hər keçən gün azalır. Buna təsir edən ən əhəmiyyətli faktor isə bitkinin yetişdirilməsindəki çətinlikdir. Çünki zəfərandan 3-4 il kimi müddətdə məhsul götürülür. Dünya şəraitində yetişdirilməsi çox çətin və zəhmətli olan bu qiymətli bitkinin, cənnətdə torpağı meydana gətirəcək qədər bol miqdarda olması orada nemətin bol şəkildə olacağına işarə edir. (Doğrusunu Allah bilir.)

 

 

Cənnətdəki genişlik:


Allah Təala cənnət əhlini cənnətdə yerləşdirdiyi vaxt, geridə böyük bir məkan qalar. Allah Təala orada, hər biri, yaradıldığından yox olacağı günə qədər, dünyadan daha böyük olan, üç yüz altmış aləmi yerləşdirər. [Ramuz el-Ehadis-1, səh. 30/5]


Peyğəmbərimiz (s.ə.v)-in bu hədisində diqqət çəkdiyi kimi cənnətdə genişlik, rahatlıq vardır. Quranda cəhənnəm üçün təsvir edilən dar yerlərin, izdihamın tam əksinə cənnət böyük məkanlardan ibarətdir. Çünki insan ruhu, ətrafının açıq olmasından, rahat məkanlardan xoşlanacaq şəkildə yaradılmışdır. Quranda cənnətin genişliyindən belə bəhs edilir:

 

Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə qovuşmaq üçün yarışın. (Ali İmran surəsi, 133)