Cənnətlə əlaqədar ayələr

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə bizə verilən ruzidir!” - deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)

 

Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”. (Bəqərə surəsi, 35)

 

İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar! (Bəqərə surəsi, 82)

 

...Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar. (Bəqərə surəsi, 221)

 

De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür. (Ali İmran surəsi, 15)

 

Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. (Ali İmran surəsi, 133)

 

Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir! (Ali İmran surəsi, 136)

Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali İmran surəsi, 142)

 

Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali İmran surəsi, 185)

 

Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən yaxşı işlər görən - istər kişi, istərsə də qadın olsun, - heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”. (Ali İmran surəsi, 195)

Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. Bu, Allahdan bir ziyafətdir. Allahın yanında olan nemətlər möminlər üçün daha xeyirlidir. (Ali İmran surəsi, 198)

 

...Kim Allaha və Onun elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. (Nisa surəsi, 13)

 

İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik. (Nisa surəsi, 57)

 

Möminlərdən - üzürlülər istisna olmaqla - evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etdi. Allah onların hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir. (Nisa surəsi, 95)

 

İman gətirib saleh əməllər edənləri isə ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. Bu, Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122)

 

Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa surəsi, 124)

 

Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və kasıblara könüllü yardım etməklə Allaha gözəl bir borc versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, bilsin ki, artıq o, doğru yoldan azmışdır”. (Maidə surəsi, 12)

 

Əgər Kitab əhli iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz, onların təqsirlərindən keçər və onları Nəim bağlarına daxil edərdik. (Maidə surəsi, 65)

 

“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir” - deyənlər artıq kafir oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”. (Maidə surəsi, 72)

 

Belə dediklərinə görə də Allah onları ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur. (Maidə surəsi, 85)

 

Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur. (Maidə surəsi, 119)

 

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?” Onlar: “Bəli!” - deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: “Allahın lənəti olsun zalımlara! O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”. Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: “Sizə salam olsun!” deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər. Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!” (Əraf surəsi, 42-47)

 

“Allah onlara mərhəmət nəsib etməyəcəkdir” - deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?” Sədd əhlinə deyiləcəkdir: “Cənnətə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz”. Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”. (Əraf surəsi, 49-50)

 

Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah yanındadır. (Tövbə surəsi, 21-22)

 

Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. (Tövbə surəsi, 72)

 

Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi, 89)

 

Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi, 100)

 

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)

İman gətirib saleh əməllər işlədənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəim bağlarında onların ayaqları altından çaylar axar. Onların oradakı duası: “Allahım! Sən pak və müqəddəssən!”, orada bir-birlərini salamlaması: “Salam!” sözü və dualarının sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləri olacaq. (Yunis surəsi, 9-10)

 

Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunis surəsi, 26)

 

Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. (Hud surəsi, 23)

 

Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir sovqatdır. (Hud surəsi, 108)

əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rad surəsi, 23-24)

 

Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur. (Rad surəsi, 35)

 

İman gətirib saleh əməllər edənlər isə ağacları altından çaylar axan, Rəbbinin izni ilə içində əbədi qalacaqları Cənnət bağlarına daxil ediləcəklər. Onların orada qarşılaşarkən bir-birinə deyəcəkləri söz: “Salam!” olacaqdır. (İbrahim surəsi, 23)

 

Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar. Onlara deyiləcək: “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!” Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar. (Hicr surəsi, 45-48)

 

Müttəqilərə: “Allah nə nazil etmişdir?” - deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” - deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” (Nəhl surəsi, 30-32)

 

İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir! (Kəhf surəsi, 30-31)

 

İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır. Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər. (Kəhf surəsi, 107-108)

 

Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar. Bu Cənnət Mərhəmətli Allahın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir. Onlar orada boş sözlər deyil, ancaq: “Salam!” eşidəcəklər. Orada səhər-axşam onların ruzisi olacaqdır. Qullarımızdan olan müttəqilər üçün miras edəcəyimiz Cənnət budur. (Məryəm surəsi, 60-63)

 

Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar, ağacları altından çaylar axan Ədn bağları. Onlar orada əbədi qalarlar. Bu, günahlardan təmizlənənlərin mükafatıdır. (Taha surəsi, 75-76)

 

Onlar onun xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar. (Ənbiya surəsi, 102)

 

Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər. (Həcc surəsi, 14)

 

Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır. Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər. (Həcc surəsi, 23-24)

 

O gün hökm yalnız Allahındır. Allah onların arasında hökm verəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim bağlarında olacaqlar. (Həcc surəsi, 56)

 

Məhz onlar - varis olanlardır. O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar. Onlar orada əbədi qalacaqlar. (Muminun surəsi, 10-11)

 

İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, ağacları altından çaylar axan Cənnət bağlarını yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah necə də xeyirxahdır. (Furqan surəsi, 10)

 

De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən Əbədiyyət bağı?” Onlardan ötrü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü və yerinə yetirilməsi arzu olunan bir vəddir. (Furqan surəsi, 15-16)

 

Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır. (Furqan surəsi, 24)

 

Onlar səbir etdiklərinə görə Cənnətdə olan yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar. Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır! (Furqan surəsi, 75-76)

 

Məni Nəim bağının varislərindən et! (Şuəra surəsi, 85)

 

 Cənnət müttəqilərə yaxınlaşdırılar. (Şuəra surəsi, 90)

 

İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir! (Ənkəbut surəsi, 58)

 

İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar. (Rum surəsi, 15)

 

Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün Cənnətdə yer hazırlamış olarlar. Bu ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevmir. (Rum surəsi, 44-45)

 

İman gətirib yaxşı işlər görənlər üçün Nəim bağları hazırlanmışdır. Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, Qüdrətlidir, Müdrikdir. (Loğman surəsi, 8-9)

 

Məgər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər! İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Məva bağlarında əbədi ziyafət gözləyir. (Səcdə surəsi, 18-19)

 

Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır. Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!” (Fatir surəsi, 32-35)

 

Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: “Cənnətə daxil ol!” - deyildi. O dedi: “Kaş xalqım biləydi ki, Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”. (Yasin surəsi, 26-27)

 

Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək. (Yasin surəsi, 54-58)

 

Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar. Məhz onlar üçün müəyyən bir ruzi vardır - Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir - Nəim bağlarında. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar. Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır. Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab. O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar. Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır. Özü də qorunub saxlanılmış yumurta kimi hurilər. (Saffat surəsi, 40-49)

 

Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir -qapıları onlar üçün açılmış Ədn bağları. Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər. Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaqdır. Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır. Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir. (Sad surəsi, 49-54)

 

Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz. (Zumər surəsi, 20)

 

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” Sən mələklərin, Ərşi əhatə edərək Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” - deyiləcəkdir. (Zumər surəsi, 73-75)

 

Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et! Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən. Onları günahlarının cəzasını çəkməkdən azad et. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur”. (Mümin surəsi, 7-9)

 

Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı iş görən kişilər və qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar. (Mümin surəsi, 40)

 

Həqiqətən də: “Rəbbimiz Allahdır!” - deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. Bağışlayan və Rəhmli Allah tərəfindən verilən ziyafət kimi”. (Fussilət surəsi, 30-32)

 

Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə) əhlini və onun ətrafındakıları xəbərdar edəsən və barəsində heç bir şübhə doğurmayan məhşər gününü yadlarına salasan. İnsanların bir qismi Cənnətdə, digər qismi isə Odda olacaqdır. (Şura surəsi, 7)

 

Zalımların qazandıqları günahlar özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə Cənnət bağçalarında məskunlaşacaqlar. Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur. İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi, 22-23)

 

Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz. Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun! Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur. Orada sizin üçün bol-bol meyvələr vardır, onlardan yeyəcəksiniz. (Zuxruf surəsi, 68-73)

 

Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə - bağçalarda və çeşmələr başında olacaqlar! Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər. Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik. Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur, sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur. (Duxan surəsi, 51-57)

 

Həqiqətən də: “Rəbbimiz Allahdır!” - deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar. (Əhqaf surəsi, 13-14)

 

Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu onlara verilmiş doğru vəddir. (Əhqaf surəsi, 16)

Allah onları doğru yola yönəldəcək, onların halını yaxşılaşdıracaq və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir. (Məhəmməd surəsi, 5-6)

 

Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarında yerləşdirər. Kafirlər isə müvəqqəti olaraq kef çəkər, heyvan kimi yeyib-içərlər. Onların yeri Oddur! (Məhəmməd surəsi, 12)

 

Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi? (Məhəmməd surəsi, 15)

 

Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir. Bu ona görədir ki, Allah mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin və onların günahlarından keçsin. Bu, Allah yanında böyük müvəffəqiyyətdir. (Fəth surəsi, 4-5)

 

Döyüşə getməməkdə kora, çolağa, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun elçisinə itaət etsə, Allah onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər. (Fəth surəsi, 17)

 

Cənnətmüttəqilərdən uzaqda deyil, (o gün) yaxınlaşdırılmışdır. Budur sizə vəd edilən Cənnət! (Könüllü surətdə Allaha) üz tutan, (İslam dininin hökmlərinə) riayət edən, Mərhəmətli Allahdan Onu görmədən qorxan və səmimi qəlbdən Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır (Qaf surəsi, 31-35)

 

Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar, öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular. (Zəriyət surəsi, 15-16)

 

Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar. Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir. Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!” Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik. (Tur surəsi, 17-20)

 

Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik. Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz. Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar. Onlar bir-birinə üz tutub soruşacaqlar. Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!” (Tur surəsi, 22-28)

 

Onu bir daha öz sürətində enərkən gördü - son həddəki Sidr ağacının yanında. Məva bağı da onun yanındadır. O zaman Sidr ağacını bürüyən bürümüşdü. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı. O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü. (Nəcm surəsi, 13-18)

 

Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında, (Qamər surəsi, 54)

 

Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? İkisində də iki axar bulaq vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? İkisində də hər meyvədən qoşa-qoşa vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlar sanki yaqut və mərcandırlar. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi? Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Hər ikisi tünd yaşıldır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? İkisində də fəvvarə vuran iki bulaq vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Orada xoş xasiyyətli, gözəl qızlar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir. (Rəhman surəsi, 45-78)

 

Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar Allaha yaxın olanlar, Nəim bağlarında qalacaq kimsələrdir. Onların çoxu əvvəlki nəsillərdən, az bir qismi də axırıncılardandır. Onlar bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar; çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə - ondan başları ağrımaz və məst olmazlar, bəyənib seçdikləri meyvələr və istədikləri quş əti ilə hərlənəcəklər. Onları iri qaragözlü hurilər gözləyir - sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər. Bu, onların etdikləri əməllərin mükafatı olacaq. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər. Ancaq: “Salam! Salam!” - sözləri eşidəcəklər. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri! Onlar tikansız sidr ağacları arasında, meyvələri salxım-salxım asılmış banan ağacları altında, uzanmış kölgəliklərdə, daim axan sular kənarında, çoxlu meyvələr, tükənməz və qadağan edilməyən meyvələr içində və hündür döşəklər üstündə olacaqlar. Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik - ərlərini sevən, həmyaşıdlar. Bunlar sağ tərəf sahibləri üçündür. Onların çoxu əvvəlki nəsillərdən, bir qismi də axırıncılardandır. (Vaqiə surəsi, 10-40)

 

Amma əgər o, Allaha yaxın olanlardandırsa, onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər. Əgər o, sağ tərəf sahiblərindəndirsə, ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!” - deyiləcəkdir. (Vaqiə surəsi, 88-91)

 

O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” - deyiləcək. Bu, böyük uğurdur. (Hədid surəsi, 12)

 

Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir. (Hədid surəsi, 21)

 

Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun elçisinə düşmən olanlarla - öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə - dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadilə surəsi, 22)

 

Cəhənnəm əhli ilə Cənnət əhli eyni deyillər. Cənnət əhli uğur qazananlardır. (Həşr surəsi, 20)

 

Bu təqdirdə O sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ. (Saff surəsi, 12-13)

 

O gün Allah sizi Toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir. (Təğabun surəsi, 9)

 

və iman gətirib yaxşı işlər görənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir elçi göndərmişdir. Hər kəs Allaha iman gətirib saleh əməl işləsə, Allah onu içində əbədi qalacağı, ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Allah ona gözəl ruzi nəsib etmişdir. (Talaq surəsi, 11)

 

Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim surəsi, 8)

 

Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında - Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” - demişdi. (Təhrim surəsi, 11)

 

Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır. (Qələm surəsi, 34)

 

Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı! Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”. O, xoşbəxt həyat sürəcəkdir - uca bir Cənnətdə - elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır. Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” - deyiləcəkdir (Haqqə surəsi, 19-24)

 

Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır. Sənə doğru tələsən kafirlərə nə olub belə - sağdan-soldan dəstələrlə ətrafına yığışırlar? Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər? (Məaric surəsi, 35-38)


Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa. Onlar Cənnət bağlarında… (Müddəssir surəsi, 38-40)

 

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər; onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar. Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər. Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək. Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq. Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar. Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək. Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır. Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir. Onlara deyiləcəkdir: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”. (İnsan surəsi, 11-22)

 

Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq. (Naziat surəsi, 40-41)

 

və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman, hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir. (Təkvir surəsi, 13-14)

 

Həqiqətən, itaətkarlar nemət içində olacaqlar. (İnfitar surəsi, 13)

 

Onlar taxtlar üstündə seyrə dalacaqlar. (Mutaffifin surəsi, 23)

 

Möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!” (Mutaffifin surəsi, 32)

 

 

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir. (Büruc surəsi, 11)

 

O gün neçəsinin üzündə fərəh görünəcək, dünyadakı səylərindən məmnun qalacaq, uca Cənnətdə olacaq, orada faydasız söz eşitməyəcəkdir. Orada axar çeşmələr vardır; Orada hündür taxtlar, düzülmüş piyalələr, yan-yana qoyulmuş yastıqlar, və döşəmələrə sərilmiş xalçalar vardır. (Ğaşiyə surəsi, 8-16)

 

Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Artıq qullarımın arasına daxil ol! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)

 

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür! (Beyyinə surəsi, 7-8)